1

1 Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu.

2 Eşidin, ey bütün xalqlar, Qulaq asın, yer üzü və orada yaşayanlar! Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən Şəhadət etsin.

3 Budur, Rəbb göylərdəki taxtından enir, Yer üzünü dağların zirvəsi ilə gəzir.

4 Od yanında əriyən mum tək önündə dağlar əriyəcək, Təpələrdən gələn sellər tək yarğanlar açacaq.

5 Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının üsyankarlığına görə Axı kimdir müqəssir? Samariya deyilmi? Yəhudanın bütpərəstliyinə görə Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?

6 «Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm, Yerində üzümlük salınacaq. Daşlarını dərəyə tökəcəyəm, Təməllərini açıq qoyacağam.

7 Samariyanın bütün oyma bütləri parça-parça olacaq, Məbədinə verilən hədiyyələr yandırılacaq, Bütün heykəllərini dağıdacağam. Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı, Onlar yenə də fahişələr üçün işlədiləcək».

8 Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam, Ayaqyalın, lüt-üryan dolaşacağam, Çaqqal kimi ulayacağam, Bayquş kimi səs salacağam.

9 Samariyanın yaraları sağalmaz, Yəhudayadək yayılıb, Xalqımın darvazalarınadək, Yerusəlimədək çatıb.

10 Bunu Qatda bildirməyin, Önlərində ağlamayın. Bet-Leafrada toz-torpaqda yuvarlanın.

11 Siz ey Şafir sakinləri, Lüt-üryan, xəcalət içində əsarətə gedin! Saananda yaşayanlar oradan çıxa bilməyəcək. Bet-Esel əhli yas tutacaq, Köməyini sizdən çəkəcək.

12 Marot əhalisi xeyir arzulasa da, Rəbb Yerusəlimin darvazasına bəla gətirir.

13 Ey Lakiş sakinləri, atlarınızı Döyüş arabalarına qoşun Sion qızını günaha batırdınız, İsrailin üsyankarlığına bais oldunuz!

14 Buna görə Moreşet-Qata cehiz verəcəksiniz, Akziv şəhəri İsrail padşahlarını aldadacaq.

15 Ey Mareşa sakinləri, Rəbb üzərinizə yenə istilaçı gətirəcək, Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq.

16 Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx, Qoy başın kərkəs başı kimi keçəl olsun, Çünki övladların sürgünə aparılacaq!

2

1 Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər!

2 Tarlalara tamah salıb mənimsəyirlər, Evlərə göz dikib sahib dururlar. Ev sahibi ilə ailəsinə zülm edirlər, Adamları mirasından məhrum edirlər!

3 Buna görə də Rəbb belə deyir: «Bu xalqa bəla gətirməyə hazırlaşıram, Ondan boyun qaçıra bilməyəcəksiniz. Siz bir daha dikbaş gəzməyəcəksiniz, Çünki pis zaman gəlir.

4 O gün sizi lağa qoyub, Belə yanıqlı mərsiyə oxuyacaqlar: “Biz tamam məhv olduq! Rəbb xalqımın payını dəyişdirdi, Onu necə məndən uzaqlaşdırdı, Tarlamızı satqınlara payladı”.

5 Buna görə ölkə yenə püşklə bölünsə də, Rəbbin camaatı arasında sizə pay verəcək kimsə olmayacaq».

6 Adamlar deyir: «Vəz etməyin, Bu işlər barədə vəz etməyin, Rüsvay olmayacağıq!»

7 Ey Yaqub nəsli, belə deyilirmi: «Məgər Rəbbin səbri tükəndi? O belə şeylər edərmi?» Mənim sözlərim düzgün yolla gəzənlərin xeyrinə deyilmi?

8 Dünən xalqım idiniz, Bu gün isə Mənə düşmən oldunuz. Müharibədən qayıdanların, Yoldan sakit keçənlərin Əynindən paltarlarını alıb Onları soyursunuz.

9 Xalqımın qadınlarını Rahat evlərindən qovursunuz, Uşaqlarını Mənim verdiyim bərəkətdən Əbədilik məhrum edirsiniz.

10 Qalxın gedin, Çünki bura istirahət yeri deyil. Bu yer murdarlandığına görə Dəhşətli surətdə darmadağın olacaq.

11 Əgər bir adam hiyləgər ruhla gəlib yalan vəz edib desə: «Sənə vəz edim, şərab və başqa kefləndirici içkiniz bol olacaq», Bu adam xalqın vaizi olar!

12 Ey Yaqub övladları, Mən mütləq hamınızı bir yerə yığacağam, İsrailin sağ qalanlarını toplayacağam. Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam. Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq.

13 Azad edən qalxacaq, Sağ qalanların yolunu açacaq. Onlar darvazanı qıracaq, Oradan keçib-çıxacaq. Padşahları onların qabağında gedəcək, Rəbb önlərində gedəcək.

3

1 Onda mən dedim: «Dinləyin, ey Yaqub rəhbərləri, Ey İsrail xalqının başçıları! Axı siz ədalətli olmalısınız!

2 Siz ki yaxşıya nifrət edirsiniz, Pisliyi sevirsiniz, Xalqımın dərisini soyursunuz, Ətini sümüklərindən qoparırsınız,

3 Siz xalqımın ətini yeyirsiniz, Dərisini soyursunuz, sümüyünü qırırsınız. Sanki qazanda, tavada bişirilən ət kimi Xalqımı doğrayırsınız.

4 Gün gələcək, Rəbbə fəryad edəndə O sizə cavab verməyəcək. O zaman Rəbb üzünü sizdən gizlədəcək, Çünki əməlləriniz pis olub».

5 Xalqını azdıran peyğəmbərlərə qarşı Rəbb belə deyir: «Yeməyiniz olanda Sülh bəyan edirsiniz. Sizə çörək verməyənlərə isə Dava elan edirsiniz».

6 Buna görə sizə görüntüsüz gecə gələcək, Qaranlıqda falçılıq edə bilməyəcəksiniz. Peyğəmbərlər üçün günəş batacaq, Gündüz onlar üçün zülmət olacaq.

7 Görücülər rüsvay olacaq, Falçılar biabır olacaq, Onların hamısı bundan utanıb susacaq, Çünki Allahdan cavab olmayacaq.

8 Mən isə Yaqub övladlarına üsyankarlığını, İsrailə günahını bildirmək üçün Qüvvətlə, Rəbbin Ruhu ilə, Ədalət və cəsarətlə qurşanıram.

9 Bunu dinləyin, ey Yaqub rəhbərləri, Ey İsrail xalqının başçıları! Siz ədalətə nifrət edirsiniz, Hər cür düzlüyü əyriyə çevirirsiniz.

10 Sionu qan bahasına bina edirsiniz, Yerusəlimi haqsızlıq üzərində tikirsiniz.

11 Rəhbərləri rüşvətlə hökm edir, Kahinləri muzdla təlim verir, Peyğəmbərləri falçılıq edib pul alır. Amma Rəbbə güvənərək belə deyirlər: «Rəbb aramızda deyilmi? Üstümüzə bəla gəlməz».

12 Buna görə də sizin üzünüzdən Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək.

4

1 Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Xalqlar ona sarı gələcək.

2 Çox millətlər gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq.

3 Rəbb çox xalqlar arasında hakim olacaq, Güclü millətlər haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, Artıq dava etməyi öyrənməyəcək.

4 Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, Onları qorxudan olmayacaq. Ordular Rəbbi belə söz verdi.

5 Bütün xalqlar, Öz allahlarının adı ilə getsələr belə, Biz daim və əbədi Allahımız Rəbbin adı ilə gedirik.

6 «Gün gələcək» Rəbb bəyan edir, «Mən şikəstləri yığacağam, İncitdiyim pərən-pərən düşən xalqı Bir yerə toplayacağam.

7 Şikəstləri sağ qalan xalq edəcəyəm, Atılanları güclü millətə çevirəcəyəm. Mən Rəbb onlara Sion dağından İndidən sonsuzadək hökm edəcəyəm».

8 Sən, ey Yerusəlim, sürüyə nəzarət edən qüllə, Sion qızının qalası, Əvvəlki hakimiyyət sənə yenidən veriləcək, Yerusəlim qızının səltənəti gələcək.

9 İndi nə üçün uca səslə çağırırsan? Niyə doğan qadın kimi ağrı çəkirsən? Məgər sənin yanında padşah yoxdurmu? Məsləhətçilərin həlak olubmu?

10 Ey Sion qızı, ağrıdan qovrul, Doğan qadın kimi bərkdən qışqır, Çünki şəhərdən çıxıb, çöldə yaşayacaqsan, Babilə qədər gedəcəksən. Lakin orada xilas olacaqsan, Rəbb səni düşmənlərinin əlindən satın alacaq.

11 Amma indi çox millətlər Sənə qarşı birləşib belə deyir: «Qoy Sion rüsvay olub murdarlansın! Bunu öz gözümüzlə görək!»

12 Lakin onlar Rəbbin düşüncələrini bilmir, Məsləhətini anlamır. Xırmanda yığılan dərzlər kimi Rəbb onları bir yerə toplamışdır.

13 Rəbb belə deyir: «Ey Sion qızı, Qalx, xırmandakı taxılını döy! Səni dəmir buynuzlu buğa kimi, Tunc dırnaqlı öküz kimi güclü edəcəyəm. Sən çox xalqları əzəcəksən, Onların qənimətini Mənə – Rəbbə, Mal-dövlətini bütün yer üzünün Sahibinə həsr edəcəksən».

5

1 Ey qoşunlar qızı, indi qoşunlarını topla! Bizi dövrəyə alıblar, İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar.

2 Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, Zamanın başlanğıcına gedir».

3 Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına Qalan qohumları qayıdacaq.

4 Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq, Rəbbin gücü ilə sürüsünü otaracaq. Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq,

5 Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq. Əgər Aşşurlular ölkəmizə gələrsə, Qalalarımıza ayaq açarlarsa, Onlara qarşı başçılarımız – Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar.

6 Qılıncla Aşşur torpaqlarını, Nəmrud ölkəsini viran edəcəklər. Aşşurlular torpağımıza gələndə, Sərhədimizi keçəndə Bizi rəhbərlərimiz qurtaracaq.

7 Yaqub nəslinin sağ qalanları Çoxlu xalqlar arasında Heç kimi gözləmədən, Bəşər övladlarından asılı olmadan Rəbbin göndərdiyi şeh tək, Ot üzərinə tökülən leysan kimi olacaq.

8 Yaqub nəslinin sağ qalanları Çoxlu xalqların, millətlərin arasında Sanki meşə heyvanları arasındakı şir, Qoyun sürüsü arasındakı gənc aslandır. Sürünün içinə girsə, didib dağıdar, Heç kəs ondan qurtula bilməz.

9 Əlin düşmənlərin üzərinə qalxacaq, Ey İsrail, yağıların məhv olacaq!

10 «Gün gələcək» Rəbb bəyan edir, «Atlarınızı qıracağam, Döyüş arabalarınızı yox edəcəyəm.

11 Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm, Bütün qalalarınızı yerlə yeksan edəcəyəm.

12 Əlinizdəki cadugərliyi məhv edəcəyəm, Sizdə gələcəyideyənlər bir daha olmayacaq.

13 Sizin bütlərinizi qıracağam, Daş sütunlarınızı söküb-dağıdacağam. Əllərinizlə düzəltdiyiniz əşyaya Artıq səcdə etməyəcəksiniz.

14 Sizin Aşera bütlərinizi qırıb-dağıdacağam. Şəhərlərinizi viran qoyacağam.

15 İtaətsiz millətlərdən qəzəblə, hiddətlə qisas alacağam».

6

1 Rəbbin nə dediyini indi dinləyin: «Məhkəmə qarşısında durun, Qoy dağlar bunun şahidi olsun, Qoy təpələr səsinizi eşitsin!

2 Ey dağlar və yerin sarsılmaz təməlləri, Rəbbin ittihamını eşidin! Rəbb Öz xalqını ittiham edir, İsraili məhkəməyə verir.

3 Ey xalqım, nə etmişəm sənə? Nə ilə yormuşam səni? Mənə cavab ver!

4 Səni Misir torpağından çıxaran, Köləlik diyarından sizi satın alan, Musanı, Harunu, Məryəmi, Sənin qabağına göndərən Mən oldum.

5 Ey xalqım, sənə qarşı Moav padşahı Balaqın niyyətlərini, Beor oğlu Bilamın ona nə cavab verdiyini xatırla, Şittimdən Qilqala gedəndə yolda nə baş verdiyini xatırla ki, Rəbbin sənə göstərdiyi sədaqətini biləsən».

6 Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə – Birillik danalarla çıxımmı?

7 Minlərlə qoç qurbanı, Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, Günahım üçün öz övladımı verimmi?

8 Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?

9 Rəbbin səsi şəhərə nida edir, Onun adından qorxmaq hikmətdir. «Ey şəhərdə toplanan camaat, eşidin! Ey şəhər sakinləri, dinləyin!

10 Məgər pislərin evindəki haram mal-dövlətdən, Lənətli əskik ölçülərdən xəbərim yoxdur?

11 Saxta tərəzi və aldadıcı çəki daşlarından İstifadə edəni haqlı sayarammı?

12 Şəhərin varlıları zorakılıq edir, Sakinləri adamları aldadır – Yalanla nəfəs alır.

13 Buna görə Mən sizi vurmağa, Günahlarınıza görə əzab verməyə başladım.

14 Yeyəcəksiniz, amma doymayacaqsınız, Qarınlarınız boş qalacaq. Sərvət yığacaqsınız, amma saxlamayacaqsınız, Qılıncla topladığınızı məhv edəcəyəm.

15 Siz əkəcəksiniz, amma biçməyəcəksiniz, Zeytun sıxacaqsınız, yağından ətir düzəltməyəcəksiniz, Üzüm sıxacaqsınız, şərab içməyəcəksiniz.

16 Axı padşah Omrinin qaydalarına riayət etmisiniz, Axav sülaləsinin adətlərinə uymusunuz, Onların məsləhətinə görə getmisiniz, Buna görə də sizi viranəliyə döndərəcəyəm, Sakinlərinizi rişxənd hədəfinə çevirəcəyəm, Xalqım olduğunuz üçün rüsvay ediləcəksiniz».

7

1 Vay halıma! Mən bir adama bənzəyirəm ki, Yay mövsümündən sonra Meyvəsi tamam yığılmış, Tənəkləri təmizlənmiş, Nə üzüm salxımı, Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb.

2 Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur.

3 Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür.

4 Bunların ən yaxşısı tikandan dəyərsizdir, Ən salehi də alaq otundan pisdir. Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi Cəza günü gəldi. İndi siz çaşbaş qalmısınız.

5 Qonşunuza inanmayın, Dostunuza bel bağlamayın, Hətta qoynunuzda yatan arvadınızdan belə, Ağzınızı möhkəm saxlayın.

6 Çünki oğul atasına xor baxır, Qız anasına, gəlin də qayınanasına qarşı qalxır. İnsanın düşməni öz ev əhli olub.

7 Mən isə Rəbbə baxacağam, Məni xilas edən Allahı gözləyəcəyəm. O məni xilas edəcək, Allahım məni eşidəcək.

8 Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq!

9 Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm.

10 Düşmənim bunu görüb xəcalət çəkəcək. O mənə demişdi: «Allahın Rəbb haradadır?» Bu düşmənin məğlubiyyətini görəcəyəm, O, küçələrdə palçıq kimi tapdalanacaq.

11 Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır, O gün sərhədlərin genişlənəcək.

12 O gün xalqın Aşşurdan, Misir şəhərlərindən, Misirdən Fərat çayına qədər uzanan torpaqlardan, Dənizdən dənizədək, dağdan dağadək, Sənin yanına qayıdacaq.

13 Lakin sakinlərinin əməllərinə görə Yer üzü viran olacaq.

14 Ya Rəbb, mirasın olan sürünü – Öz xalqını çomağınla otar. O, çöldə indi tənha qalır, Ətrafında isə yaxşı otlaq var. Qoy keçmiş günlərdəki kimi Başan və Gileadda otlasınlar.

15 «Misirdən çıxdığın günlərdəki kimi Sizə möcüzələr göstərəcəyəm».

16 Millətlər bunu görəcək, Öz qüvvətlərinə görə utanacaq. Əlləri ilə ağızlarını yumacaq, Qulaqları kar olacaq.

17 İlan kimi torpağı yalayacaq, Əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq. Ey Allahımız Rəbb, onlar Səndən qorxub Dəhşət içində Sənə tərəf dönəcək.

18 Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan.

19 Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan.

20 Qədim zamanda atalarımıza and içdiyin kimi Yaqub nəslinə sədaqətini, İbrahim övladlarına məhəbbətini göstərəcəksən.